İsveç dünyada ahıllar üçün ən yaxşı ölkədir
2.10.2013

İsveç dünyada ahıllar üçün ən yaxşı ölkədir, ikinci və üçüncü yerləri Norveç və Almaniya tutmuşlar.
“Svenska Daqbladet” qəzeti yazır ki, “Xell Eyc İnterneşnl” (“Help Age International”) xeyriyyə təşkilatı özünün “Global Age Watch Index” reytinqində belə qənaətə gəlmişdir.
Təşkilatın mütəxəssisləri yaşı 60-dan çox olan insanın həyat səviyyəsini qiymətləndirərkən 13 parametrə, o cümlədən tibb müəssisələrinə müraciətlərin sayına, həyat şəraitinə, təhsilə, işləyənlərin sayına və sosial fəallığa diqqət yetirmişlər.
Xəbər verildiyi kimi, Dünya Bankının və Ümumdünya Səhiyyə Təşkilatının 91 ölkə üçün statistikası təhlil edilmişdir.
Reytinqin yuxarı pillələrində Niderland, Kanada, İsveçrə, Yeni Zelandiya, ABŞ, İslandiya, Yaponiya, Avstriya, İrlandiya və Böyük Britaniya durur. Pakistan, Tanzaniya və Əfqanıstan isə son mövqelərdədir.
1 oktyabr BMT tərəfindən Beynəlxalq Ahıllar Günü elan edilmişdir. Ekspertlər göstərirlər ki, qocalan əhali dünyanın bir çox ölkələri üçün getdikcə daha böyük narahatlığa çevrilir.
Əgər 2012-ci ildə planetdə yaşı 60-dan çox olan insanların sayı 809 milyon nəfər (əhalinin 11 faizi) olmuşdusa, proqnozlara görə, 2030-cu ildə bu göstərici 1,37 milyard nəfərə (16%), 2050-ci ildə isə 2,03 milyard nəfərə (22%) çatacaqdır.
Yəni 40 ildən sonra Yer kürəsinin hər dörd sakinindən birinin yaşı 60-dan yuxarı olacaqdır.

Azərtac