Qax
                                                                                                            Azərbaycanın şimal-qərbində yerləşən Qax rayonu Gürcüstanla həmsərhəddir. Kümrük,                                                        Qaşqaçay və Əyriçay çayları sərhəd boyunca axır. Dağlardakı göllər və şəlalələr                                                        bu yerlərin bəzəyidir. Rayonun cənubunda quru subtropik, mərkəzdə qismən isti, qismən                                                        rütubətli subtropik, yüksək dağlarda isə soyuq iqlim müşahidə olunur. Yayda ən yüksək                                                        temperatur +41°С olur. Bu cür yüksək temperatur Acınohur gölünün sahillərində müşahidə                                                        olunur. Qışda ən aşağı temperatur dağların zirvəsində müşahidə olunur və -45°С-ə                                                        çatır. İlisu qoruğu bu rayonun ərazisindədir. Dağ meşələrində ayı, dağ keçisi, canavar,                                                        çöl pişiyi, qaban, çaqqal və başqa heyvanlar yaşayır. Rayonda ovçuluq və balıqçılıq                                                        üçün geniş şərait vardır. Qanıq-Əyriçay vadisində düzənliklər və dağ ətəyi əsas                                                        ovçuluq zonalarıdır. Balıqçılıq üçün isə Əyriçay, Qapıçay, Qanıq çayları və Lələli                                                        kəndi ərazisinin su hövzəsi münasibdir. Rayonun ən mənzərəli yerləri rayon mərkəzindən                                                        12-20 km məsafədədir.
                                                                                                            Qax rayonunun mərkəzi, Qax şəhəri dəniz səviyyəsindən 500 m yüksəklikdə coşqun Kurmuxçayın                                                        sahilində, Böyük Qafqaz bağlarının meşəli cənub yamaclarında salınmışdır. Şəhərin                                                        adını bildirən «Qax» sözü «qala, istehkam» deməkdir. Qaxdan 6 km şimal-qərbdə, meyvə                                                        bağları və bakirə meşə arasında mənzərəli Ağçay adlı kiçik bir kənd yerləşir. Dəniz                                                        səviyyəsindən 1400-1600 m yüksəklikdə, Qax şəhərindən 12 km şimal-qərbdə yerləşən                                                        İlisu adlı dağ kəndi (bu kənd vaxtilə İlisu sultanlığının paytaxtı olmuşdur) daha                                                        böyük marağa səbəb olur. Kəndin ətrafındakı termal mineral kükürdlü su bulaqları                                                        müalicəvi əhəmiyyətə malikdir.