Saatlı
"Saatlı" etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin - Saadlı tayfasının etnik adıdır. Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayonu ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır. Saatlı rayonunun təşkil edilməsi 1941-1945-ci illər müharibəsi dövrünə düşmüşdür. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi Saatlı rayonunda məskunlaşmışdır. Müstəqillik illərində (1991-ci ildən sonra) rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, stadion, idman meydançaları tikilərək əhalinin istifadəsinə verilmişdir. 2004-cü ildə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılmışdır. Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı 1943-cü ildə təşkil edilmişdir. Sahəsi 1180,5 km2, Mərkəzi Saatlı şəhəridir. Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi var. Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir. Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, yarımsəhra və səhra tiplidir. Heyvanları: çöl donüzü, qumsiçanı, su qunduzu, canavar, tülkü, dovşan, ilan, çaqqal və s. Quşları: bəzgək, turac, dovdaq və s. Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur. Saatlı rayonunda televiziya verici stansiyası 1998-ci ildən televiziya proqramlarını rayon ərazisinə yayımlayır. Saatlı dəmir yolu stansiyasının yaxınlığında Araz çayı üzərindən XX əsrin əvvəllərində tikilmiş dəmiryol körpüsü mövcuddur. Azərbaycanın əlverişli iqlimi və təbii şəraiti Araz çayı ətrafında insanların hələ qədim daş dövründən məskən salmasına şərait yaratmışdır. Saatlının arxeoloji abidələri Araz çayının hər iki sahilindən tapılmaqla yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir. Sarıcalar kəndi ərazisində antik dövrə aid Cəfərxan nekropolu, Azadkənd kəndi yaxınlığında e. ə. I minilliyə aid Keçiqıran küp qəbirləri nekropolu, e. ə. II-I əsrlərə aid Azadkənd nekropolu, e. ə. III-I əsrlərə aid Qaralar nekropolu, e. ə. VI-I əsrlərə aid Muğan nekropolu, Qıraqlı kəndi yaxınlığında daş dövrünə aid edilən Araz düşərgəsi, Nərimankəndin şərq tərəfində aşkar edilmiş XI-XIII əsrlərə aid Abasbəyli yaşayış yeri, Muğan yaşayış yeri (Azadkənd), Məmmədabad yaşayış yeri (X-XVI əsrlər), Sarısu yaşayış yeri (IX-XII əsrlər), Əlisoltanlı və Bəylər orta əsr yaşayış yerləri (XII-XVI əsrlər) tarixi abidələr kimi qorunur.