Şirvan
Şirvan 1954-cü ildə şəhər status almışdır. Onun ərazisi 30 kv. km-dir. Şəhərə həmçinin Hacıqəhrəmanlı və Bayramlı qəsəbələri də aiddir. Azərbaycanda Şirvan işıq adası, nur şəhəri sayılır. Küçələrin genişliyi, səkilər boyunca sıralanan ağaclar bu aran şəhərinin istisini azaldır. Şəhər ətrafından tapılmış arxeoloji nümunələr isə bu yerlərdə yaşayışın qədimdən mövcud olmasını sübut edir. 2010-cu ilədək şəhərin adı Əli-Bayramlı olmuşdur. Şirvan Kür çayının sol sahilində, Şirvan düzündə, nəqliyyat qovşağında yerləşir. Şəhərdə Avropada ən böyük açıq tipli Şirvan DRES-i fəaliyyət göstərir. Şirvan uşaq musiqi məktəbinin 40 ildən çox yaşı var. Kür ovalığının şərqində, Kür çayının sol sahilində yerləşən gənc Şirvan şəhəri 1954-cü ildə Kürovdağ neft yataqlarının kəşf edilməsi ilə əlaqədar salınmışdır. Şirvanın iqlimi şəraiti yarımsəhra iqliminə uyğundur. Yayda burada temperatur +44 C-ə çatır. Qış mülayimdir. Şirvan şəhərinin yerləşdiyi ərazidə vaxtilə karvan yolları keçirdi. Şhərdən 2 km aralıda, Mişovdağın aşağı hissəsində aparılmış arxeoloji qazıntılar zamanı XIV əsrə aid şəhər yerinin xarabaları aşkar edilmişdir. Həmin şəhərdəki sənətkarlar məhəlləsində 12 dulusçu sobası çox yaxşı vəziyyətdə qalmışdır. Burada müxtəlif məişət və bəzək əşyaları da tapılmışdır. Xalq sənətlərindən xalçaçılıq, daş üzərində oyma və zərgərlik sənətləri qorunub saxlanmışdır.