Zaqatala
                                                                                                            Zaqatala rayonu Böyük Qafqaz sıra dağlarının ətəyində Azərbaycanın şimal-qərbində                                                        yerləşir. Rayon şimal-qərbdə Rusiya Federasiyasının Dağıstan Respublikası ilə, qərbdə                                                        Balakən rayonu ilə, şərqdə isə Qax rayonu ilə həmsərhəddir. Rayonun şimal-şərq ərazisində                                                        dağlıq, cənub və cənub-qərb hissədə düzənlik relyef üstünlük təşkil edir. Rayonda                                                        ən uca nöqtə Quton dağıdır. (3648 m). Düzənlikdə mülayim, dağlarda soyuq iqlim müşahidə                                                        olunur. Yanvar ayının orta temperaturu düzənlikdə -1°С, dağlarda -10°C, iyul ayının                                                        orta temperaturu isə, müvafiq olaraq +24°С və +5°С olur. Burada ildə 600-1600 mm                                                        yağıntı düşür. Rayon ərazisinin yarısı, əsasən dağlıq ərazilər, meşələrlə örtülmüşdür.                                                        Burada şabalıd, qoz, fındıq, palıd, fısdıq, vələs, qarağac və başqa qiymətli ağac                                                        növləri bitir. Rayonun heyvanat aləmində nəcib maral, dağ keçisi, qaban, ayı, canavar,                                                        dovşan, quşlardan isə qırqovul, qaratoyuq, kəklik, turac, dağ qartalı, çalağan,                                                        bülbül üstünlük təşkil edir. Rayonun ərazisinin bir hissəsini 1929-cu ildə yaradılmış                                                        Zaqatala qoruğu tutur. Sahəsi 23.844 hektar olan bu qoruqda hər hansı təsərrüfat                                                        fəaliyyəti ilə məşğul olmaq qadağan edilmişdir. Lakin ekoloji turizm üçün burada                                                        münasib şərait var. Turist cığırları boyunca piyada və at belində səyahətə çıxanda                                                        qoruqda yaşayan heyvanların və quşların davranışını müşahidə etmək, foto və video                                                        çəkilişlər aparmaq mümkündür. Bu marşrutlarda turistlərin dincəlməsi və gecələməsi                                                        üçün münasib yerlər var. Qırqovul və su quşlarını, qaban, dovşan və başqa heyvanları                                                        ovlamaq mümkündür. Qaş kəndinin ətrafında qışda xizək sürmək üçün əlverişli şərait                                                        var. Zaqatala – beynəlmiləl rayondur. Burada azərbaycanlılarla bərabər 20-dən çox                                                        xalqın nümayəndələri – avarlar, ləzgilər, tsaxurlar, ruslar, tatarlar, ingiloylar                                                        və başqaları yaşayır.