Şəki
Şəki rayonu Azərbaycanın ən maraqlı, bənzərsiz və gözəl rayonlarından biridir. Rayonun inzibati mərkəzi – Şəki şəhəri böyük Qafqaz dağlarının mənzərəli cənub yamaclarında, qarlı zirvələr fonunda yerləşir. Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Belə hesab edirlər ki, Şəkinin əsası bizim eradan əvvəl I minillikdə qoyulmuşdur. Bu şəhərin 2500-2600 yaşı olması güman edilir. Şəhərin adı vaxtilə bu yerlərdə yaşamış saki qəbiləsinin adından alınmışdır. Qədim Şəki ticarət yolları qovşağında yerləşirdi. O, iri ticarət mərkəzi, ipəkçiliyin və sənətkarlığın yaxşı inkişaf etmiş olduğu bir yer idi. Əsrlər boyu buraya gələn səyyahlar ilk növbədə Şəkinin bazarlarına baş çəkirdilər. Məşhur Şəki bazarlarında şıdırğı alver gedirdi: taxıl ipək, dulusçuluq məmulatı, döymə işi olan qablar və zərgərlik məmulatları satılırdı. Lakin Şəkini ən çox məşhurlaşdıran – onun ipəyi idi. Avropa, Asiya, Yaxın və Orta Şərq ölkələrindən gəlmiş tacirlər yüngül, güləbətin işləməli duvaq kimi, şəffaf Şəki ipəyini dünyanın müxtəlif ölkələrinə aparırdılar. Böyük İpək Yolu bu ərazidən keçdiyi dövrdə buralarda necə canlanma yarandığını təsəvvür etmək olar. Heyrətamiz gözəlliyə malik olan Şəki xalçaları da çox məşhur idi.