Astara
Astara rayonu ölkənin cənub-şərqində, İran-Azərbaycan sərhəddində yerləşir. Azərbaycanın ən mənzərəli rayonlarından biri olan Astaranın ərazisinin bir hissəsi Talış dağları tutur, bir hissəsi isə ovalıqdır. Astaraçay və Təngərüd çayları uca dağlardan başlanır və Xəzər dənizinə tökülür. Rayon ərazisinin 37.000 hektar sahəsi meşələrlə örtülmüşdür.
Mənzərəli Talış dağlarının bənzərsiz gözəlliyi və bu yerlərin saf havası buraya yolu düşənləri həmişə heyran edir. 1886-cı ildə fransız rəssamı Alberto Pepin Talış dağlarını, yerli sakinlərin həyat və məişətini, mədəniyyətini, adət və ənənələrini, geyimlərini, eləcə də bu diyarın gözəl peyzajını öz əsərlərində əks etdirmişdir.