Şəhərlər

Göyçay

Göyçay əsl türk mənşəli söz olub, sahilində yerləşdiyi Göyçay çayının adından götürülmüşdür. Çayın suyu həddindən artıq şəffaf olduğuna və göy (mavi) rənginə çaldığına görə belə adlandırılmışdır. Bəzi tarixi mənbələrə görə rayon əhalisi, əsasən, XV əsrdə Türkiyədən köçmüş Qaraman bəylərbəyliyinin əhalisi hesabına formalaşmışdır. XIX əsrin 50-ci illərində Şamaxıda baş verən zəlzələdən zərər çəkən əhalinin bir hissəsi Göyçayın ərazisinə köçmüş və bununla da yaşayış məntəqəsi genişlənməyə başlanmışdır. Çar hökumətinin Qafqazda apardığı inzibati islahatlar çərçivəsində 1867-ci ilin dekabr ayında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradıldı. Qəza mərkəzi olan Göyçay yaşayış məntəqəsi isə 1916-cı ildən şəhər adlandırılmışdır. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar 1930-cu il avqust ayının 8-də Göyçay rayonu təşkil edilmişdir. Göyçay şəhərinin inkişafı da təxminən XX əsrin 30-cu illərindən başlamışdır. Göyçay rayonu Azərbaycan Respublikasının mərkəzində, Şirvan düzünün şimal hissəsində Böyük Qafqaz dağlarının ətəklərində yerləşir. Rayon şimaldan cənuba təxminən 25 km, şərqdən qərbə isə 40 km uzanaraq 736 km² sahəni əhatə edir. Rayon mərkəzi Göyçay şəhəri Bakı-Qazax magistral yolunun 216 kilometrliyində, Ucar dəmiryolu stansiyasından 18 kilometr məsafədə yerləşir. Göyçay rayonu şimal şərqdən İsmayıllı, cənub-şərqdən Kürdəmir, cənubdan Ucar və qərbdən Ağdaş rayonu ilə həmsərhəddir. Rayon iki geoloji rayona - dağlıq və düzənliyə ayrılır. Dağlıq zonaya Bozdağ Qaraməryəm tirəsini, düzənliklərə isə rayonun qalan ərazisini aid etmək olar. Ərazi geoloji quruluşuna görə Kaynazoy erasının üçüncü dövrünə, düzənlik sahəsi isə həmin eranın IV dövrünə aiddir. Ərazisinin bəzi sahələri isə müasir çöküntülərlə örtülmüşdür. Ümumiyyətlə, rayon ərazisinin bütün səthini gil, gillicəli torpaqlar, bəzən qum kimi çöküntülər 10-15 santimetr qalınlığında qat kimi örtür. Rayon ərazisindən Göyçay çayı və Yuxarı Şirvan kanalı keçir. Rayonun ərazisi tikinti sənayesində istifadə olunan təbii ehtiyatlarla zəngindir. Göyçay çayı dərəsinin və Cəyirli kəndinin yaxınlığında çay daşı, çınqıl, qum çıxarılır. Rayonun Qarabaqqal kəndinin ərazisində zəngin gil yataqları vardır ki, bundan da yüksək keyfiyyətli kərpic istehsal olunur. Rayonun bitki örtüyündə çöl formasiyası geniş yer tutur. Dağlıq hissəsində kolluqlar vardır. Göyçay rayonunun iqlimi yayı quru keçən mülayim-isti yarımsəhra və quru subtropik iqlim tipinə aiddir. Bu iqlim tipi zəif nəmliyi, mülayim qışı və isti-quru yayı ilə səciyyələnir. Rayon ərazisində illik yağıntının miqdarı 400-600 mm-dir. Göyçay rayonunun ərazisində xalqımızın tarixi keçmişini əks etdirən bir sıra abidələr vardır. Rayonun Ərəbcəbirli kəndi ərazisində XII-XIV əsrdə inşa edilmiş və Ərəb xilafəti dövrünə aid "Surxay" qalası, İnçə və Ərəbcəbirli kəndləri ərazisində tapılmış və bizim eradan əvvəl II əsrə aid küp qəbirlərinin qalıqları bu ərazidə qədim dövrlərdə insan məskənlərinin mövcud olduğunu sübut edir. XIX əsrin axırlarında inşa edilmiş yer hamamı və 4 məscid də rayonun tarixi abidələri sırasına daxildir.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa