Yardımlı
1930-cu ildən 1938-ci ilədək Vərgədüz rayonu kimi qeydə alınmışdır. 1938-ci ildən Yardımlı rayonu kimi Azərbaycannın inzibati ərazisi olmuşdur. Yardımlı rayonu B.Budaqovun fikrinə görə VIII əsrin sonlarından Ural-Volqa çayları arasında yaşamış peçeneqlərin qədim mənbələrdə erdim/erdem kimi qeyd olunmuş tayfasının adından və mənsubiyyət bildirən –li şəkilçisindən ibarətdir. XII-XIII əsrlərdə Şimali Qafqazdan qıpçaqların Azərbaycana gəlişində peçeneqlər də iştirak etmişlər. Tədqiqatçıların ehtimalına görə, erdem tayfası da peçeneqlərlə Azərbaycana bu vaxt gəlmişlər. Yardımlı rəmzi sufilikdə Yar-Adəm kimi izah olunur ki, bu rəmzlər qədim Misir yazılarında ən qüdrətli rəmzlər hesab olunur.Yardımlı rayonu Azərbaycanın cənub-sərq hissəsində, dağlıq ərazidə yerləşir. Rayon qərbdən İran İslam Respublikası ilə, cənubdan Lerik, şərqdən Masallı, şimaldan Cəlilabad rayonları ilə həmsərhəddir. Viləş çayı Yardımlı rayonunu mərkəzdən iki hissəyə bölür. Yardımlı təbiətinin gözəlliyi və rəngarəngliyi ilə insanı valeh edir. Rayon ərazisinin böyük sahəsi meşələrlə örtülmüşdür. Bu yerlərin gözəl təbiəti, çayları, bulaqları və çoxsaylı tarixi abidələri Yardımlıya xüsusi bir gözəllik bəxş edir. Rayonun zəngin faunası var. Burada canavar, çaqqal, qaban, ayı və bir sıra başqa heyvan növləri yaşayır. Yardımlı ərazisi əsasən dörd növ müxtəlif tipli və yarım tipli torpaq örtüyünə:tipik və yuyulmuş qəhvəyi dağ-meşə torpaqlar, qonur dağ-meşə torpaqlar, çimli dağ-çəmən torpaqlar, tipik və karbonatlı qəhvəyi dağ-meşə torpaqlar örtüyünə malikdir. Yardımlı ərazisi buzlaşmaya məruz qalmadığı üçün üçüncü dövrün relikt və endemik ağac cinsləri-azat(nil ağacı), dəmirağac, şabalıdyarpaqlı palıd və birgöz, zərgin kolları ilə zəngindir. Bu rayonda qədim xalq sənəti - xalçaçılıq adət-ənənələri qorunub saxlanmışdır. Rayonun inzibati mərkəzi - Yardımlı şəhərində daş döşənmiş küçələr, arxitekturası ilə maraq doğuran binalar, tarix muzeyi, kiçik bir məscid və müharibələrdə həlak olanların xatirə memorialı var. Eramızdan əvvəl IV əsrdən başlayaraq İslamın tətbiq olunduğu vaxtlara qədərki dövrlərə aid olunan küp qəbirlərə bu rayonun ərazisində tez-tez rast gəlmək olar. 1962-ci ildə rayonun Dəlləkli kəndində tapılmış nəhəng küp bənzərsizliyinə görə ölkəmizdə hələ də yeganə hesab olunur. Yolocaq kəndinin yaxınlığından çıxarılmış küp qəbir e. ə IV əsrə aid edilir. Küp qəbirlərinin içindən aşkar olunmuş əşyaların üzərində müxtəlif fəza cisimləri təsvir edilmişdir ki, bu da eramızdan əvvəlki minilliklərdə insanların oda, günəşə sitayiş etdiklərini bir daha sübut edir. Eyni oxşarlıqda olan küp qəbirlərindən əldə edilmiş döyüş, məişət və əmək alətləri indiki Yardımlının əvvəlki sakinlərinin də çox yüksək mədəniyyətə malik olduqlarından xəbər verir. Qədim və indiki əhalisi sırf Oğuz türklərindən ibarət olan bu rayonun ərazisi həm də yeraltı sərvətlərin poliqonudur. Burada qızıl, platin, mis, dəmir, torf, neft yataqları mövcuddur. Yardımlı ərazisindəki qayalardan süzülüb gələn bulaqlar əsasən hidrogen-sulfidli, natrium-sulfatlı. sulfatlı-karbonatlı mineral sulardan ibarətdir. Mövcud on bir iqlim qurşağından dördünü özündə birləşdirən bu rayona mülayim yarımsəhra, mülayim isti, soyuq yarımsəhra və quru çöl iqlimləri xasdır. Hal-hazırda Yardımlıda yüksək yaş həddi 80-90 yaş arasındadır.