Xocalı
Xocalı rayonu 1991-ci ildə Əsgəran rayonu bazasında yaradılmışdır. Ərazisi 922 km2-dir. İnzibati mərkəzi Xocalı şəhəridir. Rayonun ərazisi əsasən dağlıqdır. Ən hündür yüksəkliyi Qızqala və Qırxqızdır (2843 m, 2827 m). Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir. Yüksək dağlıq əraziləri subalp və alp çəmənləridir. Əsas çayları Badara və Qarqardır. Dağ-meşə və dağ-çəmən torpaqları mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir. Zərinbağ və Ağçay üzlük daşı yataqları, Şuşa əhəngdaşı yatağı, Xocalı gil yatağı, Xankəndi (Əskəran qrupu) qum-çınqıl qarışığı yatağı mövcuddur. Rayonun kənd təsərrüfatının əsasını taxılçılıq, üzümçülük, tərəvəzçilik və heyvandarlıq təşkil edir.Xocalı ərazisi ən qədim memarlıq və ilk mədəniyyət abidələri ilə zəngindir. Memarlıq abidələrindən türbə (XIV əsr), dairəvi türbə (1356-1357-ci illər), son tunc və ilk dəmir dövrünə aid nekropol, kurqan çölü və s. var. XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbiristanlığı son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidədir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Burada çoxlu sayda "Qoç və yəhər" şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar - Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s. var. Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində XVIII əsrə aid "Əsgəran qalası" mövcuddur. 1810-cu ildə Rusiya ilə İran arasında sülh danışıqları "Əsgəran qalası"nda aparılmışdır. Rayonun Kərkicahan qəsəbəsində 3 qəbristanlıq var. Burada XIV əsrə aid yazıları olan qəbirlər, "kilsəli" deyilən yerdə Alban kilsəsi, qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları, Alban pir-ocaqları və s. var. Rayonun Meşəli kəndi ərazisndə - Meydan yaylağında - müqəddəs ziyarətgah "seyid qəbri" (ermənilər tərəfindən dağıdıldı), "Yeddi kilsə" (Alban kilsəsi) vardı. Bundan əlavə 4 yerdə Alban kilsəsi mövcud idi.Xocalı rayonu 26 fevral 1992-ci ildə təcavüzkar Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində Xocalı rayonunun tarixi, mədəni, dini abidələri, şəhər və kəndləri, iqtisadi bazaları və s. dağıdılmışdır.