Şəhərlər

Neftçala

Neftçala rayonu Azərbaycan Respublikasının cənub-şərq hissəsində Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə Kür-Araz ovalığının şərqində yerləşir. Şərqdən Xəzər dənizi ilə əhatələnir. İnzibati rayon kimi 1940-cı ildə təşkil olunmuşdur. Neftçala rayonu sırf sənaye rayonu kimi təşkil olunmuşdu. Neftçala toponimi neft və çala sözlərindən ibarət olub "neftli çala" mənasındadır. Rayon şimaldan Şirvan Dövlət Qoruğu, cənubdan Qızılağac Dövlət Qoruğu ilə həmsərhəddir və həmin qoruqlarda əsasən ceyran, quşlar mühafizə olunur. Rayon ərazisinin səthi düzənlikdir. Cənub-şərqi Şirvan və Salyan düzü, qismən Muğan düzündə yerləşir. Ərazisi dəniz səviyyəsindən 22 m aşağıda yerləşir. Antropogen çöküntüləri yayılmışdır. Rayon ərazisi dəniz səviyyəsindən aşağıda olduğu üçün Xəzər dənizinin səviyyəsinin qalxması və azalması rayona birbaşa təsir göstərir. Rayon ərazisində yerləşən Kürkosa adası bəzən su səviyyəsi aşağı düşəndə yarımadaya çevrilir. Rayon ərazisində quruda bir neçə palçıq vulkanları vardır. Xəzər dənizində isə Neftçala rayonu sahilinə yaxın Kür daşı adası var. Bu ada palçıq vulkanları nəticəsində formalaşmışdır. Babazənən və Durovdağ yüksəkliyi arasında Salyan rayonuyla olan sərhəddə duzlu göl olan Duzdağ gölü var. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Ərazinin küləkli olması iqliminin kəskin dəyişməsinə səbəb olur. Yarımsəhra çöl və şoran torpaqlar geniş yayılmışdır. Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bitki örtüyü səhra və yarımsəhra tiplidir. Nanə, itburnu, biyan,qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri rayon ərazisində bitir. Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tökülən yerdə Kür çayının suyunun dənizin suyundan ideal düz xətt boyunca ayrılması kimi qeyri-adi mənzərə müşahidə olunur. Rayon ərazisi hesab olunan Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.Neftçala rayonu Aran iqtisadi rayonuna daxil olan 18 rayondan biridir. Neftçala neft, qaz və balıqçılıqla tanınır. Lakin rayonun iqtisadiyyatının əsasını pambıqçılıq, taxılçılıq, yemçilik və heyvandarlıq təşkil edir. İlk neft quyusu Neftçalada 1872-ci ildə qazılmışdı. Lakin daha ardıcıl və səmərəli neft axtarışı və neft hasilatına olan maraq daha çox sovet hakimiyyəti illərinə təsadüf edir. Rayonda 750 yerlik şəhər Mədəniyyət sarayı, Tarix-Diyarşünaslıq muzeyi, Bankə qəsəbəsində XIX əsrə məxsus balıq kombinatının inzibati binası yerləşir. Rayonda 34 məscid var. Xıllı qəsəbəsində XIX əsrə aid Fatimeyi-Zəhra məscidi, Bankə qəsəbəsində 1898-ci ildə inşa edilmiş Balıq Kombinatının inzibati binası, XIX əsrə məxsus (Z.O.Qoltuq) kilsə, 1894-cü ilə aid Heydər Almazov türbəsi (şəhər qəbiristanlığında), Bankə qəbiristanlığında 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış monument (2004) tarixi abidələr kimi qorunub saxlanılır. Bundan başqa Neftçala şəhərində 1941-1945-ci il abidə kompleksi (1985-ci il), Xıllı qəsəbəsində naməlum əsgər abidəsi, Bankə qəsəbəsində Ana abidəsi, Aşağı Qaramanlı, Xol Qarabucaq, Tatarməhlə kəndlərində Böyük Vətən müharibəsinə həsr olunmuş abidə kompleksləri, şəhər mərkəzində "20 Yanvar" şəhidləri şərəfinə ucaldılmış abidə (1998), rayon şəhidləri şərəfinə ucaldılmış monumentlər mövcuddur.Cənub-Şərqi Şirvan düzündə, Kür çayının mənsəbi yaxınlığında, keçmiş Nord-Ost Qoltuq kəndi ilə Bəndovan (el arasında ona Bəbduan, yaxud Bəndyuyan) burnu arasında şəhər xarabalığı vardır. Xarabalıqda həm quruda, həm də dənizdə IX-XI əsrə aid çoxlu maddi və mədəni qalıqlar nümunələri (üzəri həndəsi və nəbati naxışlarla örtülmüş şirli və şirsiz gil qab parçaları) tapılmışdır. Bəndovanla bərabər ondan təxminən 10-12 kilometr aralıda yerləşən başqa bir şəhər də mövcud olub. Alimlərin apardığı araşdırmalar və arxeoloji qazıntılar nəticəsində hər iki şəhərdən xeyli qalıqlar tapılıb. Həmin qalıqlar suyun altından çıxarılıb və bəzi hissəsi Milli Parkın ərazisindəki muzeydə saxlanılır. Tarixi mənbələrdə Kür çayının mənsəbi sahəsində qədim parfiyalılara və ya azərilərə aid olunan böyük bir şəhərin olduğu barədə məlumatlar vardır. Çoxlu mülahizələrin olmasına baxmayaraq indiyədək heç kəs "Xaraba şəhər" və ya "Yunan şəhəri" adlandırılan bu şəhərin yerini tapa bilməmişdir. Deyilənlərə görə çox-çox qədimlərdə Kür çayı indiki Cəngən kəndi yaxınlığında daha bir qola ayrılırmış. Şirvan düzünə əyilib xeyli şimala doğru gedən bu qol Baba Zənan (Babazanlı) dağının cənub ətəyini yarandan sonra Dirov dağının (İlan dağ) ətrafında dövrə vurub Xəzər dənizinə tökülürmüş. Həmin bu adada çox böyük bir şəhər mövcud imiş.İri yaşayış məntəqələri - Neftçala şəhəri, Həsənabad, Xıllı və Bankə şəhər tipli qəsəbələri, Aşağı Surra, Xol Qarabucaq, Qırmızıkənd, Aşağı Qaramanlı kəndləridir. 1 şəhər, 3 şəhər tipli qəsəbə, 48 kənd vardır.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa