Zərdab
İnzibati-ərazi vahidi kimi Zərdab Aran iqtisadi rayonunun tərkibində, Mərkəzi-Aranda, Şirvan düzündə yerləşir. XIX-XX əsrlərdə Göyçay qəzasının iri kəndlərindən olan Zərdab sonralar inkişaf edərək 1935-ci ildə rayon mərkəzinə çevrilmişdir. İnzibati mərkəzi Zərdab şəhəridir. Rayon mərkəzi dəniz səviyyəsindən 11 metr aşağıda yerləşmişdir. 860 kv.km əraziyə malikdir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər. Bir fərziyyəyə görə Zərdab qızıl (zər) və su (ab) mənasını verir. Çünki o vaxtlar Kür və Qarasu çayları daşırdı. Çökəklərdə-axmazlarda qalan su əkinlər və əkinçilər üçün qızıl qədər əhəmiyyətli idi. Rayonun səthi düzənlikdir, ərazinin çox hissəsi okean səviyyəsindən aşağıdır. Sərhədindən Kür çayı axır. Rayondan axan Qarasu çayının çökəkliyi Kürün qədim dərəsidir. Qış və yay otlaqları bütün il boyu heyvandarlığın inkişafına şərait yaradır. Sututarları balıq yetişdirilməsi üçün əlverişlidir. Ərazidə neft-qaz yataqları aşkar edilmişdir. Qışı mülayim, yayı quraq isti keçən yarımsəhra və quru çöl iqlimi xarakterikdir (bu iqlimə quru subtropik iqlim də deyilir). Bu iqlim zəif nəmliyi, yayın isti keçməsi ilə səciyyələnir. Bu iqlim şəraiti pambıq, üzüm, meyvə-tərəvəz, quru subtropik bitkilərin yetişdirilməsi üçün əlverişlidir. Boz-çəmən torpaqları yayılmışdır. Yovşanlı-şoranlı, yovşanlı-efemerli yarımsəhra bitkiləri üstünlük təşkil edir. Kür çayı yatağına yaxın sahələrdə axmaz və göllərin ətrafında gilli-qamışlı bataqlıq çəmən-çöl bitkilərinə rast gəlinir. Kür çayı boyunca Tuqay meşələri uzanır. Rayonun iqtisadiyyatında kənd təsərrüfatı xüsusi rol oynayır. Kənd təsərrüfatının əsasını pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq təşkil edir. Rayonda pambıqtəmizləmə, konserv, çörək, kərpic, asfalt, süd zavodları fəaliyyət göstərir.Zərdab ərazisində tapılmış (təsərrüfat işləri ilə əlaqədar şum aparılarkən) şirli və şirsiz məişət əşyalarının, qab-qacaqların qalıqları bu ərazinin arxeoloji cəhətdən geniş tədqiq edilməsi zərurətini yaradır. İbtidai icma quruluşunun Tunc dövrü mərhələsində insanların daha geniş ərazilərə yayılması, yaşayış yerlərinin çox zaman çay kənarlarında salınması bunu deməyə əsas verir ki, Zərdab ərazisində insanlar tunc dövründən başlayaraq yaşamışlar. Təsadüfi deyil ki, Erkən Tunc dövrü (e.ə.IV minilliyin ikinci yarısından başlayaraq – e.ə. III minilliyin sonuna qədər davam etmişdir) Azərbaycanda Kür-Araz mədəniyyəti adlanır. Bu dövrə aid arxeoloji nümunələr daha çox bu ərazilərdə aşkar edilmişdir. XX yüzilliyin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və kefiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər (Azərbaycan Atabəyləri) və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qədim bəzək, məişət və mədəniyyət əşyaları üzə çıxdı və indi bunların bir çox nümunələri Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir. Zərdab rayonunun Dəli Quşçu kəndi ərazisində kütləvi qəbristanlıqlar - Ağtəpə adlanan kurqan bu gün də mövcuddur. Zərdabın Yuxarı Seyidlər kəndi yaxınlığında Qanlıca adlanan göl var. Bu adın nə ilə əlaqədar yarandığı təssüf ki, hələ də dəqiq bilinmir. Lakin məlumdur ki, bu göldə su qan rəngindədir. Yerli sakinlərin dediyinə görə nə zamansa və hansı səbəbdənsə gölün dərinliyində qırmızı kərpicdən bina batmışdır, suya qırmızı rəng verən də həmin binanın kərpicləridir. Zərdabın adına yazılı mənbələrdə ilk dəfə 1500-cü ildə rast gəlinir. Rayon Bəyimli qəsəbəsini və 40 kəndi özündə birləşdirir.