Füzuli
Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnboyu, Arazboyu və Füzuli - Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir. 1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Füzuli rayonu adlandırılmışdır.Rayon 23 avqust 1993-cü ildə tam işğal olunmuşdur.
1994-cü ilin yanvarında rayonun 22 yaşayış məntəqəsi ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuşdur. Hazırda ərazidə 54 min nəfər məcburi köçkün məskunlaşmışdır. 30 min kvadrat km ərazisi işğaldan azad olunmuşdur. 1997-ci ildən başlayaraq rayonda, işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata keçirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır.