Masallı
Masallı rayonu Bakıdan cənuba – Lənkəran və İrana gedən əsas yol boyunca yerləşən kənd təsərrüfatı rayonudur. Antik dövrdə bu ərazi Manna və Atropatena dövlətlərinə məxsus olmuşdur. XVIII əsrin ortalarından etibarən Masallı Talış xanlığının tərkibinə daxil olmuşdur. Rayon bir tərəfdən Xəzər dənizi ilə, digər tərəfdən Talış dağları ilə əhatə olunmuşdur. Relyefinə görə bu rayonu şərti olaraq, dağlıq və düzənlik hissələrə bölmək olar. Dağlıq hissə Talış dağlarına, düzənlik hissə isə Lənkəran ovalığına yaxın ərazini əhatə edir. Buranın iqlimi subtropikdir. Viləş, Tatyan, Alvadıçay, Matara və başqa çyalar bu rayonun ərazisindən axaraq Xəzər dənizinə tökülür
Zəngin bitki aləminə malik olan bu diyarda təşkil edilmiş Qəriblər və Yenikənd meşə təsərrüfatlarında fıstıq, vələs, dəmirağacı, qızılağac, palıd və başaq qiymətli ağac növləri qorunub saxlanılır. Masallı rayonlararası Ovçuluq Cəmiyyətindən müvafiq razılıq almaqla Qırmızıkənd ovçuluq təsərrüfatında meşə heyvanlarını və quşlarını, «Qızılağac» qoruğuna yaxın ərazidə isə su quşlarını, tülkü, qaban, porsuq, canavar və başqa heyvanları ovlamaq olar.