Qobustan
Qobustan rayonu Şamaxıdan şərq tərəfdə, Bakıdan 101 km aralıda yerləşir. Qobustanda ərazinin relyefi - dərələr, yarğanlar, qayalar, toponimik şəkildə öz əksini tapmışdır. Bu yerlərin baharı çox gözəl olur - lalələr, çobanyastığı, qaymaqçiçəyi gül açır. Qobustanın torpaq örtüyü müxtəlifdir. Şərq hissədə boz, qonur şorakətli, şimal-qərbdə şabalıdı torpaqlar yayılmışdır. Qobustan adi görünüşündən fərqli olaraq bitki örtüyü ilə zəngindir. Azərbaycandakı 4000 bitki növündən 470 növünə burada təsadüf olunur. Əksəriyyəti çiçəkli bitkilərdir. Məsələn, şoran tipli yovşan, qarağan, kəngiz, xoruzgülü, qanqal, ölgürgən qayıq çiçək, baldırğan, əngiran, gülxətmi, əsmə çiçək və s. kserofit bitkilər yayılmışdır. Quraqlığa davamlı kollar-nar, murdarça, iydə, əncir, qaramıx, itburnu, quş üzümü və başqa da vardır. Onu da qeyd edək ki, belə kolluqlar daşlı qayalarda bitməyə uyğunlaşmışlar. Çünki kiçik şehənəm yağıntılardan daşlar üzərinə düşən su damcılarından asanlıqla qidalana bilərlər. Heyvanlar aləmi yoxsuldur. Vaxtı ilə burda geniş yayılmış məməlilərdən Ceyranın yer adlarında izi qalmışdır (Ceyran bulağı, Ceyran nohuru, Ceyrankeçməz çayı və.s). Vaxtı ilə kaftar və b. heyvanlar yaşamışdır. Lakin onun nəsli kəsilmişdir. Hazırda canavar, çaqqal, tülkü, porsuq, dovşan, sürünənlərin isə müxtəlif zəhərli növləri (ilan, kərtənkələ), kirpi, bağa və müxtəlif növ quşlar mövcuddur. Rayonun iqlimi əsas etibarı ilə yarımsəhra iqlimidir. Ümumiyyətlə fiziki-coğrafi sahə olmaqla Qobustan ərazisinin bir qismi Xızı, Abşeron, Qaradağ, Hacıqabul inzibati rayonlarına daxil olmaqla yanaşı onun əsas hissəsi (1369,4 km2) 24 aprel 1990-cı ildə yaradılmış Qobustan inzibati rayonuna daxilmişdir. Qobustan inzibati rayonu ərazisi az istisna olmaqla keçmiş Mərəzə inzibati rayonunun ərazisinə uyğun gəlir. Təxmini şimaldan cənuba 51 km, qərbdən şərqə isə 45 km məsafədə uzanır. Qobustan inzibati rayonu ərazisi mürəkkəb relyef malik dağlıq sahədir. Ərazi oroqrafiyasına görə dağlıq yayla, tənəli öndağ, düzənliklər olmaqla üç yerə bölünür. Acıdərə yaxınlığında dağlarda gil karstı inkişaf etmişdir. Buna görə də tipik karst landşaftı yayılmışdır. Qobustan relyef formalarının əmələgəlməsində küləklərin, yağıntıların palçıq vulkanlarının rolu böyükdür. Rayon ərazisində Cəyirli, Şorsulu, Kolanı, Şeyxsərli, Qoduq qıran və s. palçıq vulkanları vardır. Rayonda müxtəlif tikinti materialları ehtiyatı (əhəngdaşı, qum, çınqıl), sənaye əhəmiyyətli gillər, vulkan külü, gips, şist və s. ehtiyatı vardır. Rayonda əkinçilik ənənəvi sahələrdən biridir. Rayon öz əhalisini maksimum səviyyədə taxılla təmin edir. Taxılçılıq əsasən dəmyə şəraitində becərilir.