Sədərək
1990-cı ildə rayon kimi təşkil olunmuşdur. Türkiyə, İran və Ermənistanla həmsərhəddir. Sahəsi 153,49 km2-dir. Mərkəzi Heydərabad qəsəbəsidir. Səthi şimalda və şərqdə dağlıq, Arazboyu hissədə bir-birindən tirə və yüksəkliklərlə ayrılan maili düzənlikdən ibarətdir. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur düzündən ayrılır. Şimal-qərbdən isə Sarıbulaq dağlarının cənub-şərq ətəkləri ilə sərhədlənib Ağrı düzü ilə birləşir. Ucubiz, Əjdəkan, Tejkar, Vəlidağ və Saraclı dağları ilə əhatələnmişdir. Ərazidə gil, mərmərləşmiş əhəngdaşı, mineral su yataqları var. Quru kontinental iqlimə malikdir. Yayı isti, qışı soyuq olur. Ərazisindən Qaraçay, Çapan çayı və Araz çayı axır. Ərazidə, əsasən, boz torpaqlar yayılmışdır. Sədərək düzünün Arazyanı hissəsində yeraltı sular səthə yaxın olduğundan çəmən-ot bitkiləri yaxşı inkişaf etmişdir. Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü ("Ümid körpüsü") tikilmişdir. "Bulaqbaşı" kəhrizi əsaslı şəkildə təmir olunmuş, 15 bulaq-abidə tikilib istifadəyə verilmişdir. Rayon iqtisadiyyatının əsasını üzümçülük, taxılçılıq və heyvandarlıq təşkil edir. Rayonda sənaye müəssisələrindən 2 şərab emalı zavodu, Naxçıvan Tikiş Fabrikinin filialı var.