Laçın
Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşir. Şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonu ilə, qərbdən isə Ermənistanla həmsərhəddir. Səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, şimalı Mıxtökən silsiləsinin cənub-şərq yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ-qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə dağkeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür. İnzibati mərkəzi Laçın şəhəridir.Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri hələ eramızdan əvvəl I-II minilliyə aid edilən Xocavənd rayonundakı Azıx və Cəbrayıl rayonundakı Tağlar mağaraları ilə müqayisə edilə biləcək qədər dəyərli və nadir abidələrdəndirlər. XII əsrin sonu XIII əsrin əvvəllərində Qarabağın dağlıq hissəsində alban Xaçın knyazlığı yarandı. Bu knyazlıq eləcə də indiki Laçın bölgəsini əhatə edirdi. 1920-ci ildə Zəngəzur bölgəsi 2 yerə bölündü və nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. Artıq bu dövrdə Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində də hansısa bir inzibati idarə mərkəzi yaradılması zərurəti meydana gəldi. Və beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alnır. Rayonun adını seçərkən yerli relyefi və əhalinin xarakterini nəzərə alan yazıçı Tağı Şahbazi Simurq təşəbbüs göstərərək rayonun adını Laçın elan etib. 1930-cu ildə Laçına rayon statusu verilib. Laçın ərazisində toxuculuq sənəti də inkişaf etmişdi. Dünyada "Qasımuşağı" adı ilə tanınan xalçanın yaranması məhz bu bölgənin adıyla bağlıdır.Laçın rayonu 18 may 1992-ci ildə Ermənistan Respublikası tərəfindən işğal olunub. Rayonda bir şəhər, bir qəsəbə (Qayğı qəsəbəsi), 125 kənd olmuşdur.