Balakən
Respublikanın ən şimal-qərb hissəsində yerləşən Balakən rayonu qərbdə Gürcüstanla həmsərhəddir. «Balakən» sözünün hərfi mənası «kiçik kənd» deməkdir. Rayon ərazisinin təqribən yarısı dağlıq ərazidə, qalan hissəsi düzənlik ərazidə yerləşir. Rayonda çoxlu dağ çayları, Katex dağının yaxınlığında göl var. Rayonun şimalındakı dağlıq hissə soyuq iqlimə, düzənlik hissə mülayim iqlimə malikdir. Burada il üzrə orta rütubət səviyyəsi 41%, orta aylıq temperatur +13°С-dir.
Rayonun şimal hissəsindəki meşəlik ərazidə əsasən vələs, qızılağac, palıd, qoz, şabalıd, akasiya, kol bitkilərindən isə moruq, itburnu, əzgil bitir. Bu rayonda 30-dan çox dərman bitkisi yetişir. Zaqatala qoruğunun ərazisinin üçdə iki hissəsi Balakən rayonuna düşür.