Bərdə
Bərdə rayonu Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir. Rayonun inzibati mərkəzi Bərdə şəhəri Qarabağ düzünün mərkəzində, Tərtərçay sahilində yerləşir. Tərtər, Xaçın çayları və Yuxarı Qarabağ kanalı bu rayonun ərazisindən keçir, Kür çayı isə sərhəddi boyunca axır. Rayon mərkəzindən 3 km məsafədə, Bərdə-Tərtər yolunun sağ tərəfində bir-birinin yaxınlığında iki göl var. Ağalı deyilən üçüncü göl isə Bərdədən 23 km aralıdadır. Bərdə-Tərtər yolunda Bərdədən 3 km aralıda qaynar kükürdlü su bulağı – İstisu yerləşir. Burada müalicəvi vanna qəbul etmək üçün hər cür şərait var. Muğanlı kəndinin yaxınlığında daha bir mineral su bulağı var. Rayonun bitki örtüyü əsasən quru səhra və yarımsəhra ərazilər üçün spesifik bitkilərdən ibarətdir.
Ərazinin 6856 hektarını tutan meşələrdə çinar, palıd, qarağac, qoz və başqa qiymətli ağac növləri bitir. Rayonun faunasında canavar, çaqqal, qaban, dovşan və başqa heyvanlar, turac, qırqovul, qaz, ördək və başqa quşlar üstünlük təşkil edir. Ov mövsümü vaxtı müvafiq orqanlar tərəfindən dovşanların və bəzi quşların ovlanmasına, balıqların isə tilovla tutulmasına icazə verilir. Bərdə rayonunda kənd təsərrüfatı yaxşı inkişaf etmişdir, taxılçılıq (buğda, arpa və s.) heyvandarlıq və pambıqçılıq mühüm yer tutur. Bu yerlərin təbii şəraiti tərəvəz və bostan bitkilərindən yaxşı məhsul almağa imkan verir. Həyətyanı sahələrdə bağçılıq sürətlə inkişaf etməkdədir.