Gədəbəy
Gədəbəy rayonu Kiçik Qafqazın orta və yüksək dağlıq zonasında yerləşir. Rayondakı ən uca zirvələr – Qoşabulaq (3549 m) və Qocadağ (3317 m) dağlarıdır. Uca dağlarda tundraya xas iqlim, dağların ətrafında isə quru yay iqlimi müşahidə olunur. Burada iyul ayında havanın temperaturu +10°C-dən +20°C-dək, yanvar ayında isə -2°C-dən -10°C-dək dəyişir.
Rayonda ərazisində məşhur «Qızılça» yasaqlığı və 4 təbii abidə – Qovdu, Gödəkdərə, Qamış və Şamlıq meşə massivləri var. Keçidərəsi yarğanında gözəl bir şəlalə, Keçi- keçi, Cərcə, Cüyür və Ayıbulaqları, eləcə də Çaldaş, Qızılca Narzan, Mor-mor mineral su bulaqları var. Rayonun dağlarında, meşə və dərələrində heyvanat və bitki aləmi çox zəngindir. Şəmkir çayında balıq tutmaq üçün yaxşı şərait var. Qalakənd kəndinin yaxınlığında balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Gədəbəy rayonu ərazisindəki abidələr Azərbaycan tarixinə Gədəbəy-Xocalı mədəniyyəti adı ilə daxil olmuş mədəniyyətin tərkib hissələridir. Burada tunc dövrünün sonuna aid siklopik tikililər, Böyükqala qalası, Qalakənd qalası (XVI əsr), Qız qalası (Onu Namərd-qala da adlandırırlar, IX əsr), XIX əsrdə tikilmiş tağlı körpü var. «Gədəbəy dəfinələri» adı ilə məşhur olan, içərisində müxtəlif qiymətli əşyalar, gümüş sikkələr, ev müxəlləfatı, boyunbağılar və bəzək əşyaları olan qədim küplər tapılmışdır. Şah Təhmasibin hakimiyyətdə olduğu dövrdə (1524-1576-cı illər) zərb edilmiş sikkələr Gəncədə, Təbrizdə, Şirvanda və Ərdəbildə dövriyyədə olurdu.